Vaginizm problemi olan partnyorlar da çarəsizlik hiss edirlər. Həyat yoldaşlarını çox sevmələrinə və hər zaman onlarla yaxşı vaxt keçirmələrinə baxmayaraq, həll edə bilmədikləri bu cinsi problemləri isə tədricən böyüyür. Daha sonra bu vəziyyət sadəcə bir cinsi problem olmaqdan çıxıb bir “evlilik probleminə” çevrilir.

Bir çox kişi isə həyat yoldaşının qədrini bilir və onu kədərləndirəcək ən kiçik eyhama belə yol vermir. Onların çoxu böyük səbir nümayiş etdirir və bu problemin sonunda mütəq həll olunacağına inanır; bu şəkildə müalicə üçün həyat yoldaşını məcbur edəcəyinə illərcə gözləyirlər.

Təəssüf ki onların bir çoxu belə bir müalicəyə ehtiyac olmadığını düşünərək müalicəni illərcə yubadır. Hətta belə bir problemin mövcudluğunu rədd edərək problemə əhəmiyyət vermir və illər boyu müalicəyə əngəl törədir.
Bəziləri isə özlərini işə həsr edir və evə mümkün qədər gec gəlməyə başlayırlar. Bir hissəsi isə həyat yoldaşlarına xəyanət etməyə ixtiyarları olduğunu düşünürlər.

Bəzi partnyorlar həyat yoldaşlarını hər halda sevdiklərini ifadə edir, onları olduğu kimi qəbul edir və tam cinsi əlaqə olmadan da evlilik həyatını davam etdirməyi qəbul edirlər. Özlərində də zaman keçdikcə cinsi istəksizlik problemi yaranır. Bu şəkildə tamamilə “aseksual evliliklər” yarana bilər.

Vaginizm partnyorlarının əksəriyyəti həyat yoldaşları kimi (etiqad və ya düşüncələrə əsaslanaraq) daha əvvəl heç əlaqəyə girməmişdir. Cinsəlliklə bağlı məlumat və təcrübəsu az olan bu qrupda cinsəllik istəyi də az ola bilər. Bu səbəbdən həyat yoldaşlarına qarşı son dərəcə yumşaq və səbirlidirlər. Hətta ilk növbədə problemin özlərində olduğunu düşünüb həkimə müraciət edə bilərlər.
Vaginizm partnyorlarında zamanla cinsi əlaqənin azalmasına paralel olaraq tez boşalma və ya sərtləşmə problemi (impotensiya) müşahidə edilə bilər. Müvafiq müalicədən sonra bu problemlər aradan qalxacaqdır.

Partnyorların əksəriyyəti zaman keçdikcə problemin ciddiyyətini anlayır və ya “ata olma arzusu” ilə müvafiq bir müalicə mərkəzi axtarmaya başlayırlar. Bəzi partnyorlar da müalicədə həyat yoldaşları kimi utancaq və pərt görünürlər.

Unutmaq olmaz ki, “vaginizm yardım almadan qəti olaraq aradan qalxmayacaq və illər keçdikcə problem böyüyəcəkdir”. Bu səbəbdən kişi partnyorlara həyat yoldaşlarını həvəsləndirərək ən qısa zamanda müalicəyə başlatmalarını, heç bir halda kobud olmamalarını və müalicə müddətində daim dəstək olmalarını tövsiyə edirik.

Həyat yoldaşında vaginizm problemi olan kişilərdə yaran biləcək psixoloji dəyişikliklər
Rədd etmə: “Daimi rədd olunmaqdan yoruldum. Evlənməzdən əvvəl bəlkə daha yaxşı fiziki əlaqəmiz var idi. Mənimlə romantika və ya seks istəməməsinin səbəbi olaraq məndə nə var? Əvvəllər sadəcə cinsi əlaqə alınmırdı, ancaq indi məni demək olar ki heç istəmir.”

Dərdinə şərik olma: “Bunu başqaları öyrənsə arvadım məhv olar. Bu qədər çox dərd çəkməsi mənə çox pis təsir edir. Xətrimə dəymək istədiyini bilirəm, amma mənim də həyatım darmadağındır. Özümü çox pis hiss edirəm; boğuluram və nə edəcəyimi bilmirəm.”

Uzaqlaşma: “Ev həyatım bərbaddır, onda məndə özümü tamamilə işə həsr etməliyəm və ya kişi dostlarımla vaxt keçirməliyəm. Özümü işimə həsr edərək bir şeylər əldə edər və ya diqqəyimi yayındıraram. Görəsən əvvəlki sevgilim indi neyləyir? ”
Vaginizmin mərhələlərindən keçmək əlaqəni son həddə qədər sınaya bilər. Ürəkləndirmə, sevgi, səbir və ünsiyyət bu dövrdə əlaqənizi gücləndirə bilər.

Vaginizm partnyorlarına məsləhətlər…
Bəlkə qadınlarda belə cinsi problemlər ola biləcəyini evlənib bu problemlə qarşı qarşıya gəldikdən sonra öyrəndiniz. Bəlkə də həyat yoldaşınızı çox sevir və anlamaq istəsəniz belə, daxili gərginlikdən qurtula bilmirsiniz..
İlk növbədə vaginizmin həyat yoldaşınızın səhvi olmadığını qəti olaraq anlamalısınız. Bu sadəcə onun deyil, bir cütlük olaraq hər ikinizin də problemi sayılır.

Vagina əzələlərində spazmalar penisin içəri girməsinə imkan vermir, hər bir cəhd yoldaşınıza ağrı verir. Bu spazmalar qeyri-iradi olub şüurla idarə olunmur. Yəni bunun yaranmasına həyat yoldaşınız səbəb olmur. Bununla bağlı onu başa düşməlisiniz.

Bu problemin aradan qaldırılmasında sizin səbriniz, anlayışınız və iştirakınız çox zəruridir.
Digər bir məsələ də vaginizm probleminin professional yardım almadan həll olunmayacağıdır. Vaginizm bir yubatma-təxirə salma problemidir və müalicə olunmadan həll olunmur.

Bir çox vaginizm partnyoru “bu problemi özümüz həll edə bilərik, bu qədər kiçik bir problem üçün müalicəyə ehtiyac yoxdur ” deyərək həyat yoldaşlarını müalicəyə razı salmır, hətta müqavimət göstərirlər. Bu son dərəcə yanlışdır. Çünki həll olunmayan problem hər keçən gün böyüyür, bir evlilik probleminə dönür, çətinlikləri və ümidsizliyi artırır. Bu səbəbdən vaxt itirmədən müalicəyə başlamağı tövsiyə edirik.
Artıq problemi qəbul edərək professional yardım almanızın zamanı gəldi!..

Vaginizm partnyorlarında yarana bilən cinsi funksiya problemləri
Vaginizm partnyorlarında zaman keçdikcə bi sıra psixoloji problemlər və bu problemlərə bağlı olaraq da seksual disfunksiyalar yarana bilər. Bunların arasında ən çox müşahidə olunanlar erektil disfunksiya (sərtləşmə problemi, cinsi zəiflik) və tez boşalma problemləridir.
Kişilərdəki bu problemlərin hamısı həyat yoldaşının vaginizm probleminin həlli və cinsi həyatın başlanması ilə özbaşına düzələcəkdir.
Bəzən də tam əksinə kişidəki cinsi funksiya problemlərinə bağlı olaraq qadında vaginizm və ya cinsi əlaqənin olmaması problemi yara bilər.